27.04.2025
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə İspaniya Krallığında “BMT Sivilizasiyalar Alyansı”nın və “Dinlər Sülh Uğrunda Hərəkat”ın “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa hörmət üçün çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib.
Aprelin 25-də QMİ sədri A. Paşazadə İspaniyanın tarixi Gernika şəhərində dini liderlərin iştirakı ilə dəyirmi masada iştirak edib. Öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev cənablarının salamlarını tədbir iştirakçılarına çatdıran QMİ sədri Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası naminə dünyanın beynəlxalq hüquq normaları və ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini-əxlaqi prinsiplər üzərində bərqərar olmasının vacibliyini vurğulayıb. O bildirib ki, müharibə cinayətləri səngimədikcə Gernika faciəsi yaddaşlardan silinməməli, iki dünya müharibəsinin tarixi dərslərindən ibrət almayanlar üçün rəmzi görk olmalıdır. Şeyxülislam bu əsnada, Birləşmiş Millətlər Təşkilatının sivilizasiyalararası dialoqun inkişafı, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsi istiqamətində dəyərli səylər göstərən Sivilizasiyalar Alyansının “Sülh Naminə Alyans” təsis etmək təşəbbüsünü və Alyansın ali nümayəndəsi cənab Moratinosun dəyərli səylərini dünyada sülh və qarşılıqlı etimad mühitinin yaradılması işinə önəmli töhfə olaraq dəyərləndirib.
Şeyxülislam A. Paşazadə dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsinə, milli, irqi, dini ekstremizm zəminində təzahürləri önləyə biləcək multikultural həyat tərzinin dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğu dönəmdə dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməyimiz dünyada sülh və birgə yaşamaq amallarına xidmət edir. Daha sonra əlavə edib ki:“Beynəlxalq hüquq normaları, BMT-nin məlum qətnamələri çərçivəsində hərbi təcavüzə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Respublikası 30 il ərzində müharibə cinayətlərinə, işğal, soyqırımı, vandalizm, urbisid, ekosid və kultursidə məruz qalmışdı. Bu gün Azərbaycan dövləti azad olunmuş ərazilərimizdə mədəni-mənəvi irsimizi dirçəldir, yandırılmış torpaqlarımıza yeni həyat verir, dinc quruculuq işləri və bölgədə real sülh işi ilə məşğul olur”.
26 apreldə tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə anım tədbirinin məqsədi də sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirmək olub. Şeyxülislam A. Paşazadə öz çıxışında mühüm məqama toxunaraq bildirib: “Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş qətliamlar insanlığa qarşı ən ağır və bağışlanılmaz günahlardandır. Müharibə cinayətlərinə, qətliamlara siyasi-hüquqi qiymət verilməsi ədalətin öz yerini tutması üçün müstəsna dərəcədə vacibdir”. Şeyxülislam A. Paşazadə insanlığa qarşı törədilmiş cinayətlərin – Gernika, Holokost, Xatın, Srebrenitsa, Xocalı, Ruanda və digər qətliamların, kütləvi insan qırğınlarının bütün qurbanlarını ehtiramla yad edərkən Azərbaycanın üzləşdiyi Xocalı faciəsinə toxunaraq bildirib ki, kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır. Tədbirin sonunda Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos və Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria ilə birlikdə Gernika qurbanlarının xatirəsinə rəsmi əklilqoyma mərasimində iştirak edib.
Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdə dini mərkəzlə BMT qurumu arasında qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Tədbir çərçivəsində A. Paşazadə Gernika-Lumo meri Xose Mari Qorrono, yerli hökümət rəsmiləri, Dinlər sülh uğrunda hərəkatının Baş katibi Frensis Kuria, hərəkatın həmsədri - Bosniya-Hersoqovina Müsəlman icmasının başçısı, Sarayevo Müftisi Nedjad Grabus ilə görüşüb, səmərəli fikir mübadiləsi aparıb. Tədbirdə Azərbaycanın İspaniya Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Ramiz Həsənov da iştirak edib.
QMİ-nin Mətbuat Xidməti