Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu
Kardinal Kevin Farrell həzrətlərinə
Zəmanəmizin ən görkəmli dini liderlərindən olan Zati-Müqəddəsləri Roma Papası Fransiskin vəfatı barədə xəbəri dərin kədər hissi ilə öyrəndik.
Zati-Müqəddəsləri Papa Fransisk Uca Yaradana olan saf məhəbbəti, sarsılmaz inamı və müsbət enerjiylə dolu yorulmaz fəaliyyəti ilə bizlərə həmişə böyük ilham və ruh verirdi. Bir neçə gün bundan öncə onun sağlıq durumunun yaxşılaşması xəbərindən sevinir və Allaha şükürlər edirdik. Papanın Vatikana qayıtması yüz milyonlarla insanın Pontifikin səhhəti ilə bağlı nikbinliyi artırmışdı.
Zati-Müqəddəsləri Papa Fransiskin fədakar səsi daim müharibələrə, şiddətə, nifrətə, laqeydliyə “Yox” deyirdi, bəşəriyyəti sülhə, mərhəmətə, barışa və insan qardaşlığına çağırırdı. Onun dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrə hər zaman özəl münasibəti, fəqirlərə, xəstə və ahıllara, qaçqınlara və miqrantlara qayğıkeşliyi insanların qəlbində daim yaşayacaqdır.
Papa Fransisk keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin dinc yollarla tənzimlənməsi və tezliklə iki qonşu dövlət arasında sülhün, barışın yaranması üçün hər zaman dualar edirdi.
Zati-Müqəddəslərinin 2016-cı ildə Azərbaycana həvari səfərindən sonra bizim Vatikana səfərlərimiz, sonrakı dövrlərdə Qazaxıstanda, Bəhreyndə bəşəri qardaşlıq mühitində görüşlərimiz, heç şübhəsiz, Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyalar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, ümumilikdə xristian-müsəlman dialoqu prosesinə dəyərli töhfələr vermişdir.
Kardinal həzrətləri, Azərbaycan müsəlmanları adından bir daha Sizə, bütün dünya katoliklərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.
Hörmətlə,
Şeyxülislam Allahşükür Paşazadə