Noyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mərkəzi ofisi ABŞ-da yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.
"On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednarı, Yetmişlər Komitəsinin üzvü, Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerardı, Sterling Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hanseni və Yetmişlər Komitəsinin Mərkəzi Avropa, Asiya üzrə kvorumunun üzvü Pol Pikardı səmimi salamlayan Şeyxülislam həzrətləri qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin dəvəti ilə ötən ay ABŞ-ın Yuta ştatına səfərini, orada keçirilən səmərəli görüşləri xatırladan QMİ sədri qarşılıqlı əlaqələrin daha da inkşafına maraqlı olduğunu bildirib.
"Bu gün Bakıda İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ofisinin açılması Azərbaycanda multikultural mühitin, dinlərarası harmoniyanın yüksək səviyyədə olmasının daha bir nümunəsidir"-deyən Şeyxülislam Allahşükür Paşazadə din-dövlət münasibətlərinin inkişafı üçün ölkəmizdə həyata keçirilən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Bir neçə gün öncə xalqımızın Zəfər bayramını böyük təntənə ilə qeyd etdiyini xatırladan QMİ sədri deyib ki, 5 ildir Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olub: "Tarixi Zəfərin qazanılması asan başa gəlməyib, xalqımız bu yolda şəhidlər verib".
Ermənilərin işğal etdiyi ərazilərimizdə dini-mədəni abidələrə qarşı vandalizm aktları törətdiyini diqqətə çatdıran Şeyxülislam həzrətləri azad edilən rayonlarda təkcə məscidlərin deyil, digər dinlərə məxsus abidələrin də dövlətimiz tərəfindən bərpa olunduğunu qeyd edib: "Bu dövlətimizin və xalqımızın sülhsevərliyinin, mənəvi dəyərlərə, dinlərarası anlaşmaya necə böyük hörmətlə yanaşdığını göstərir. Təəssüf ki, erməni kilsəsi öz xalqını barışa yox, müharibəyə səsləyir, revanşist hisslərlə, qisasçılıqla yaşayır".
QMİ sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həzrətlərinin müdrik siyasəti nəticəsində ölkəmizin dünyada nüfuzu yüksəlir və dostlarının sayı artır: "Siz də bizim dostlarımızdansınız. Hər zaman xalqımızın haqlı mövqeyini müdafiə etmisiniz".
Qonaqlar xoş qarşılanmaya və səmimi münasibətə görə minnətdarlıqlarını bildirib, ölkəmizdəki dini tolerantlıq mühitini yüksək qiymətləndiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmalarını nümayədə heyətinə göstərilən diqqət kimi dəyərləndiriblər.
Şeyxülislam həzrətləri kilsə nümayəndələrinə Zəfərimizin 5 illiyini simvolizə edən hədiyyələr bağışlayıb.
Görüşdə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Səməd Seyidov, Qüdrət Həsənquliyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.
Sonda xatirə şəkili çəkilib.


