Fevralın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən Betsi Berns Korn böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməkdən məmnunluğunu ifadə etdi. Azərbaycanın dinlərarası əməkdaşlıq sahəsində zəngin təcrübəsini, tolerantlıq mühiti, multikultural dəyərləri barədə məlumatlı olduqlarını və bu baxımdan Azərbaycanın dini mühiti ilə yerində tanış olmaq fürsətini yüksək dəyərləndirdiklərini ifadə etdi.
Azərbaycanda keçirdikləri çoxsaylı görüşlər sırasında Azərbaycanın, Qafqazın dini lideri ilə görüşün xüsusi yer tutduğunu bildirən qonaqlar Şeyxülislamdan Azərbaycanın tolerantlıq modeli barədə danışmasını və bu modelə dünyanın başqa ölkələrində necə nail olunması barədə fikir və mülahizələrini bölüşməsini xahiş etdilər.
Şeyxülislam A. Paşazadə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq modelinin tarixi və müasir məqamlarına aydınlıq gətirdi. Xüsusi vurğuladı ki, tolerantlıq, etnik, dini tolerantlıq və konfessiyalararası mehriban münasibətlər Azərbaycanın həyati reallığıdır, bu bizim gündəlik həyat tərzimizdir və ölkəmizdəki dini konfessiyalar hər zaman – sevincli və kədərli günlərdə, Vətənimiz üçün mühüm məqamlarda bir yerdədirlər. 44 günlük Vətən müharibəsi dövründə bütün dini konfessiyalardan olan vətəndaşlarımızın dövlətin ətrafında sıx birləşməsi, Vətən torpağı uğrunda çiyin-çiyinə mübarizə apararaq şəhid olduqlarını xatırladan Şeyxülislam Allahşükür Paşazadə müxtəlif din və etnik daşıyıcısı olan şəhidlərimizin müqəddəs xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını fəxarətlə qeyd etdi.
Şeyxülislam A. Paşazadə xalqımızın tolerant ruhu ilə multikultural dövlətçilik siyasətinin dövlət rəhbərimizin müdrik siyasi iradəsi və dini-mənəvi dəyərlərə ali diqqət və qayğısının birlikdə Azərbaycanın nümunəvi tolerantlıq modelinin əsasını təşkil etdiyini xüsusi vurğuladı. Bildirdi ki, siyasi lider, öndər faktoru olduqca vacibdir. Müstəqil Azərbaycanda dini tolerantlıq örnəyinin əsası Beynəlxalq Toleratlıq günü münasibətilə bütün dini konfessiya rəhbərlərini bir araya gətirən Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuld. Azərbaycan Prezidenti İlham Əliyev cənabları bu ənənəni daha da inkişaf etdirdi, multikulturalimi dövlət siyasəti səviyyəsində bərqərar etdi, insan həmrəyliyi, insan qardaşlığı prinsiplərini ardıcıl, davamlı şəkildə təşviq edir. Şeyxülislam həmçinin əlavə etdi ki, dinlərarası harmoniya üçün dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, ölkədəki bütün dini icmalara bərabər qayğı və himayə özəl əhəmiyyət kəsb edir.
Şeyxülislam A. Paşazadə daha bir mühüm məqama – sülh quruculuğu məsələsinə toxunaraq Azərbaycanda dövlətin və dini mərkəzin bölgədə sülhə nail olmaq yolunda bərabər çıxış etdiyi bir vaxtda Ermənistanda siyasi səylərə əks olaraq erməni kilsəsinin sülhə deyil, revanşizmə meyllənməsini dini tolerantlıq, dinc birgəyaşayış prinsiplərinə qətiyyən uyğun olmadığını və Bir Olan Vahid Yaradanımızın ideallarına zidd olduğunu təəsüflə qeyd etdi.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


