Iyulun 8-də I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günündə - yeni kitabların təqdimatı panelində Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində çap olunmuş “Qardaşlıq və müttəfiqliyin zirvəsi” adlı kitab-albomun təqdimat mərasimi keçirildi. İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCO-nun baş direktoru Salim Əl-Malik, IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak etdilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitab-albom Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları və Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları arasında mövcud əsl qardaşlıq münasibətləri, müttəfiqlik zirvəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin mənəvi əlaqələrimizin inkişafına töhfələri əks olunub. Azərbaycan Prezidentinin İslam dininin müqəddəs dəyərlərinə, xalqımızın dini-mənəvi irsinə ali diqqət və qayğısı, beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarını fəal müdafiə etmək səylərinizə görə duyduğu qürur və minnətdarlıq hissi, Özbəkistan Prezidentinin ali mənəvi dəyərlərə, İslami irsimizə böyük ehtiramı və bu istiqamətdə dünyaya örnək olan fəaliyyətlərini vəsf etmək məramı daşıyan“Qardaşlıq və Müttəfiqliyin Zirvəsi”adlı kitab-albom 216 səhifədən ibarətdir və “Azərbaycan Nəşriyyatı”nda nəfis şəkildə çap olunmuşdur.
Qardaş xalqlarımıza ərməğan olan nəşrin müəllifinin qayəsi bundan ibarətdir ki, yalnız əsl liderlər xalqın ənənəvi dəyərlərini hər zaman, bütün müstəvilərdə davamlı şəkildə təbliğ və təşviq edir, onun milli-mənəvi irsinə sahib çıxaraq onun dünya miqyasında tanııdılmasına töhfə verirlər - müasir, müstəqil Azərbaycan və Özbəkistan dövlətlərinin, bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrini uğurla yüksəlişə doğru aparan Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları və Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları məhz belə alidəyər lider şəxsiyyətlərdirlər. Kitabda Azərbaycanda və özbək torpağında baş tutan səmimi görüşlər, müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materialları, məktub və məruzələri və fotoşəkillər ehtiva olunur. Kitabın nəşrinə məsul QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, tətrib edəni QMİ Mətbuat Xidmətinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə xanım Dadaşovadır.
Şeyxülislam Allahşükür Paşazadə kitabın Forumda təqdimat mərasimində çıxış edib: “ Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı nəşrin təqdimat mərasimində sizlərlə bir araya gəlməkdən böyük şərəf duyuram. İki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görən “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu iki qardaş xalq, müttəfiq dövlətlərin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin səyləri və müdrik addımları sayəsində siyasi müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər dönəmində mədəni-mənəvi əlaqələrin, dini dəyərlərin inkişafını əks etdirmək məramı daşıyır.
Özbəkistanın mənim qəlbimdə özəl yeri vardır. Bu məmləkətin hər bir uğuruna hədsiz sevinir, daha böyük zirvələrə ucalması üçün hər zaman dualar edirəm. Özbəkistanda ali dini təhsil alaraq Azərbaycanda, Qafqazda Şeyxülislamlıq məqamına ucalmış bir şəxs olaraq, Azərbaycan və Özbəkistanın möhtərəm dövlət başçılarının ənənəvi milli-mənəvi dəyərlərə, tarixi irsə önəm və diqqətini olduqca yüksək dəyərləndirirəm. Uca Allahın Lütfü-Kəramətidir ki, dünyada mənəvi dəyərlər böhranı yaşandığı bir dövrdə qardaş xalqlarımız müdrik öndərlərinin rəhbərliyi ilə öz tarixi-mənəvi irslərinə söykənərək layiqli gələcək quruculuğu yollarında inamla irəliləyirlər. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları əsrlərdən gələn müştərək və mötəbər ənənələrə yeni nəfəs verir, iki qardaş xalqın gələcək uğurlarına təminat yaradırlar.
Möhtərəm tədbir iştirakçıları! Mərkəzi Asiyanın qəlbi olan Özbəkistan dünyaya elə bir siyasi mədəniyyət nümunəsi, elə bir iqtisadi sıçrayış modeli, inkişaf xarüqələri nümayiş etdirir ki, bununla qürur duymamaq mümkün deyil. Dini-mənəvi tarixə ehtiramla, böyük ənənələrinə istinadən Özbəkistanda bu gün Zati-aliləri Şavkat Mirziyoyev cənablarının müdrik rəhbərliyi ilə İslam dininin mötədil dəyərlərinin akademik səviyyədə tədqiqi, hümanist, bəşəri mahiyyətinin təbliği yönündə olduqca böyük işlər həyata keçirilir. Nəinki Mərkəzi Asiyada, bütün dünyada analoqu olmayan Özbəkistan İslam Sivilizasiya Mərkəzinin ideya müəllifi və yaradıcısı - III İntibah dövrünün müəllifi Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarının İslam dininin ali mənəvi dəyərlərinə belə yüksək qiymət verməsi müdrik, uzaqgörən dövlətçilik təfəkkürünün parlaq təzahürüdür. Müqəddəs dinimizin elmi əsaslar üzərində təşviqi istiqamətində misilsiz işlər görən, İslam sivilizasiyasının İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Nəqşibəndi kimi şəxsiyyət və dəyərlərini bütün dünyada tanıtmaq yönündə fövqəladə səylər göstərən Özbəkistan liderinin əməllərinə Uca Allah rəvac versin!
Möhtərəm tədbir iştirakçıları! Özbəkistanla Azərbaycanın əsrlərə dayanan ortaq tarixində bu gün möhtəşəm bir dövr yaşanır. Mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının səyləri hər birimiz üçün fəxr mənbəyidir. Tarixən Mavərənnəhrin, bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarının səy və əməlləri ilə qürur duyuruq. Bütövlükdə, iki qardaş, iki müttəfiq dövlətin liderlərinin müqtədir siyasətləri, ali mənəviyyat amallarına istinad edən müdrik siyasi xətləri xalqlarımızın, dövlətlərimizin, bütün türk dünyasının, bütün İslam aləminin mənafelərinə ali xidmətdir və ümumbəşəri əhəmiyyət kəsb edir.
Möhtərəm təqdimat iştirakçıları! Özbəkistan-Azərbaycan əlaqələrindən duyduğum iftixar və özbək xalqına dərin minnətdarlıq hissi ilə qələmə aldığım kitab-albomu sizlərin diqqətinə təqdim etməkdən şərəf duyuram Kitabın ərsəyə gəlməsində bizə yardımını əsirgəməmiş Özbəkistan İslam Sivilizasiyası Mərkəzinə, onun direktoru hörmətli dr. Firdavs Abdulxalikova, Özbəkistan Respublikası Prezident Administrasiyasının Dini-maarif məsələləri üzrə şöbə müdiri Müzəffər Kamilova, habelə Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinə dərin minnətdarlığımızı ifadə edirik.
Şükürlər olsun, Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev cənablarının dönəmində müstəqil Azərbaycan-Özbəkistan əlaqələrində təməli qoyulmuş müdrik yol bu gün davam və inkişaf etdirilir. İslam dünyasının, dünya siyasətinin Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənabları və Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları kimi müdrik siyasi liderləri var olduqca müsəlman aləmi, ümmətimiz daha böyük uğurlara imza atacaqdır, inşallah! Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən liderlərimizi, xalqlarımızı və dövlətlərimizi Uca Allah hifz etsin, hər zaman zirvələrdə qərar versin! Amin!”
Qeyd edək ki, ‘’Qardaşlıq və müttəfiqliyin ali zirvəsi’’ kitab-albomunun Özbəkistan ictimaiyyəti üçün təqdim etmə mərasimi iyulun 7-də, Özbəkistan Kinematoqrafiya Agentliyinin geniş zalında keçirilib.
I Beynəlxalq İslam Forumunun Daşkənddə bağlanış mərasimində Şeyxülislam A. Paşazadəyə Özbəkistan Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev cənablarının xüsusi hədiyyəsi və Forum adından hədiyyə təqdim olunub.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


