İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məkkə şəhərində İslam Aləmi Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa ilə onun təşəbbüsü ilə təşkilatın mənzil-qərargahında görüşmüşdür.
Dəvətə görə təşəkkürünü bildirən Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibinə Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyev cənablarının salamlarını yetirmiş və onun xeyir-duası ilə 26 noyabr tarixində Məkkədə keçirilən təqdimat mərasimində iştirak etdiyini vurğulamışdır. Baş katib Məhəmməd Əl-İsa, öz növbəsində, Şeyxülislam A. Paşazadəni Səudiyyə Ərəbistanı Krallığında görməkdən məmnun olduğunu dilə gətirərək, salam və xeyir-dualarına görə Prezident İlham Əliyev cənablarına minnətdarlığını ifadə etmişdir.
QMİ sədri A.Paşazadə 2026-cı ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, QMİ və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə Multikulturalizm və İslamofobiya mövzularında nüfuzlu beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş və İslam Aləmi Liqasının Baş Katibini həmin tədbirə dəvət etmişdir. Cənab M.Əl-İsa dəvətə görə təşəkkürünü bildirmiş və Azərbaycana səfər edəcəyindən məmnun olacağını xüsusi qeyd etmişdir. QMİ sədri A.Paşazadə Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz başda olmaqla Səudiyyə Ərəbistanı Krallığının, o cümlədən, İslam Aləmi Liqasının daim Azərbaycanı birmənalı olaraq dəstəklədikləri vurğulayaraq, bu dost və qardaş mövqeyinə görə Səudiyyə tərəfinə dərin minnətdarlığını ifadə etmişdir. Şeyxülislam hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığını, erməni vandalizminə məruz qalmış mədəni-mənəvi irsimizin dirçəldilməsi üçün dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etdirildiyini, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edildiyini və oradan Azan səslərinin ucaldığını həmsöhbətinə bildirmişdir.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


