Daha əvvəl xəbər verdiyimiz kimi, bu yaxınlarda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dünyanın ən geniş dinlərarası şəbəkəyə malik "Dinlər Sülh Uğrunda" təşkilatının həm-prezidenti və Ümumdünya Şurasına üzv seçilib. Bununla bağlı Şeyxülislam A. Paşazadə ABŞ-a səfəri çərçivəsində həmin təşkilatın Nyu Yorkda yerləşən baş ofisini ziyarət edib.
QMİ sədrini və müşaiyət edən heyəti təşkilatın baş katibi, Nobel mükafatı laureatı dr. Frensis Kuria qarşılayıb. Baş katib qonağı səmimi salamlayıb və təşkilatın rəhbərlərindən biri olaraq seçildikdən qısa müddət sonra baş ofisi ziyarət etdiyinə görə ona dərin təşəkkürünü bildirib. Daha sonra o, başçılıq etdiyi qurumun strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib.
Şeyxülislam cənab Kurianı Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti haqqında məlumatlandırıb, bu mühitin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın ölkədəki bütün dini icmalara diqqət və qayğısından bəhs edib, ölkəmizdə fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası haqqında danışıb.
Dr. Frensis Kuria Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində malik olduğu böyük təcrübədən "Dinlər Sülh Uğrunda" təşkilatının bəhrələnəcəyini qeyd etdi.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Tofiq Musayev iştirak etdilər.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!