Qafqaz Müsəlmanları İdarəsində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və “Qurani-Kərim”dən ayələrin tilavəti ilə başlayıb.
Görüşdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda əsrlər boyu formalaşmış dini tolerantlıq və multikultural dəyərlərin cəmiyyətimizin mənəvi əsasını təşkil etdiyini vurğulayıb. O, Qarabağ münaqişəsi dövründə ermənilər tərəfindən dini və mədəni irsimizə vurulan zərərlərdən danışıb, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edib. O, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdiyini bildirərək, şəhidlərin xatirəsinin daim ehtiramla anıldığını diqqətə çatdırıb.
QMİ sədrinin müavini Rəşad Əliyarlı Xocalı faciəsinin bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət olduğunu vurğulayaraq deyib ki, günahsız insanların qətlə yetirilməsi heç bir dini və mənəvi dəyərlə uzlaşmır. O, dünyada fəaliyyət göstərən terror təşkilatlarının, xüsusilə erməni terror qruplaşmalarının müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə diqqət çəkib. Bildirib ki, dini konfessiyalar sülhün, qarşılıqlı hörmətin və birgəyaşayış dəyərlərinin təşviqində mühüm rol oynayır.
Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin birgə bəyanatı səsləndirilib.
Tədbirdə, həmçinin Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev çıxış ediblər. Diqqətə çatdırılıb ki, müharibə insan həyatına ağır zərbələr vurur, saysız-hesabsız faciələrə və dərin iztirablara səbəb olur. Sülh isə cəmiyyətlərin inkişafı, insanların təhlükəsiz və ləyaqətli yaşaması üçün əsas şərtdir. Səmavi dinlərin mərhəmət, humanizm və yaşatmaq prinsiplərini təbliğ etdiyi xatırladılıb. Qeyd edilib ki, ilahi çağırışın mahiyyəti insanı məhv etmək deyil, onu qorumaq və yaşatmaqdır.
Tədbir Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov tərəfindən şəhidlərin ruhuna dua oxunması ilə başa çatıb.


