Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayı ilə əlaqədar iclası keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb.
QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib, Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsini xatırladaraq orucun mənəvi mahiyyətindən danışıb. Çıxışında süni intellekt məsələsinə də toxunan Allahşükür Paşazadə din xadimlərini bu sahədə maarifləndirmə işində fəal olmağa çağırıb, texnologiyadan etik çərçivədə istifadənin vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Qazılar Şurasının Ramazan ayı ilə bağlı hazırladığı fətvanı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Orucluğun qaydaları, vaxtları və digər dini məsələlər öz əksini tapıb. Fətva səsə qoyularaq Şura üzvləri tərəfindən qəbul edilib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin yenilənmiş loqosu təsdiq olunub.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev və başqları gündəlikdə duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Tədbirdə din xadimlərini maraqlandıran aktual mövzular müzakirə olunub və müvafiq tövsiyələr verilib.


