Müqəddəs Taxt-Tacda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyəti Vatikanda səfərdədir.
Nümayəndə heyəti səfər çərçivəsində Vatikan Apostol Kitabxanası ilə tanış olub.
Vatikan Apostol Kitabxanasının prefekti Don Mauro Mantovani nümayəndə heyətinə məlumat verərək bildirib ki, dünyada tanınan ən qədim kitabxanalardan olan Vatikan Apostol Kitabxanasının əsası 1475-ci ildə qoyulub. Burada əsrlər boyu son dərəcə böyük dəyərə malik mətnlər - elm, mənəviyyat, ədəbiyyat və incəsənət xəzinələri toplanıb və qorunur. Kitabxanada tarixin müxtəlif dövrlərinə aid 80 min əlyazma, 2 milyon kitab və Vatikan sikkələri saxlanılır. Bu materiallar mədəniyyətin inkişafı, qorunması və təbliği üçün hər gün alimlərin istifadəsinə təqdim olunur. Bura ixtisaslaşmış kitabxana olduğu üçün, eləcə də burada qorunan materialların qədimliyi və məzmununa görə əhəmiyyəti nəzərə alınaraq, kitabxana yalnız ixtisaslı alimlərə, müəllimlərə, tədqiqatçılara və xüsusi hallarda isə tələbələrə açıqdır.
Hazırda kitabxanada dünyanın müxtəlif yerlərindən çoxsaylı sponsorların köməyi ilə əlyazmaların rəqəmsallaşdırılması layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində minlərlə əlyazmanı onlayn və pulsuz şəkildə nəzərdən keçirmək mümkündür. Bu əlyazmalar Vatikan Apostol Kitabxanasında qorunan materialların ən qiymətli hissəsini təşkil edir. Yaxın illərdə 80 min əlyazmanın hamısının – təxminən 40 milyon səhifənin rəqəmsallaşdırılması başa çatdırılacaq.
Kitabxana ilə tanışlıqdan sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Vatikan Apostol Kitabxanasında Azərbaycana aid ümumilikdə, 60 qədim əlyazma aşkarlanıb. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalardır. Onların arasında Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin və digər dünyaşöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var.
Şeyxülislam Allahşükür Paşazadə daha sonra Vatikan bağları ilə də tanış olub, burada əkilən və Azərbaycanın Vatikana hədiyyəsi olan nar ağacına baxıb. Bu ağac 2025-ci il oktyabrın 17-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında dostluğun rəmzi olaraq yubiley ili çərçivəsində əkilib.
Xatırladaq ki, səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu gün Romada iftar süfrəsi təşkil olunacaq.


