Anqola Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxlislam Allahşükür Paşazadə BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi, İslamofobiya ilə mübarizə üzrə xüsusi elşisi Migel Anxel Moratinosun dəvəti ilə 16-17 iyul tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının Anqola Respublikası höküməti ilə əməkdaşlıqda təşkil etdiyi “Sülhə çağırış, Müharibələrə son qoyulması və Beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində Yüksək səviyyəli dialoqda - “Sülh Alyansı” Sammitində iştirak edib.
Sammitdə BMT rəsmisi M.A. Moratinos, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Antoine Tshisekedi və Anqola Respublikasının Prezidenti Joao Manuel Gonçalves Laurenço açılış nitqi ilə çıxış etmişlər. Anqola Prezidenti və Sivilizasiyalar Alyansının Ali nümayəndəsi öz çıxışlarında bu yüksək səviyyəli tədbirdə yeganə dini lider - Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirakını xüsusi olaraq qeyd etmişlər. Daha sonra Namibiyanın Baş Naziri Tjitunga Eliyah Ngurare, Afrika İttifaqı Komissiyasl Baş dirktoru Fathallah Sijilmassi və digər rəsmi şəxslər çıxış etmişlər.
Tədbir çərçivəsində Şeyxülislam A. Paşazadənin Anqola Prezidenti ilə görüşü baş tutmuşdur. QMİ sədri Anqola dövlət başçısına Azərbaycan Respubliksaının Prezidenti İlham Əliyev cənablarının salamlarını yetirmişdir. Anqola Prezidenti, öz növbəsində, onun səmimi salamlarının dövlət başçımıza çatdırılmasını Şeyxülislamdan rica etmişdir.
Tədbir çərçivəsində Şeyxülislam A. Paşazadə Konqo Demokratik Respublikasının Prezidenti, Namibiya Baş Naziri, Anqola Xarici işlər naziri Tete Antonio, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi, İspaniya Gernika şəhərinin meri Joze Maria Gorrono və digər şəxslərlə görüşüb.
17 iyul tarixində Sammitin Tematik sessiyasının Açılış mərasimində BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, Anqola Xarici işlər naziri T.Antonio, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə və İspaniyanın Gernika şəhərinin meri J. M. Gorrono çıxış ediblər.
Şeyxülislam A. Paşazadə öz çıxışında sülhün qorunması, beynəlxalq hüququn aliliyinə ehtiram ali missiyasına xidmət edən tədbirə Azərbaycan xalqının və dövlət rəhbərimizin salamlarını yetirib, “BMT Sivilizasiyalar Alyansı”nın “Sülh, Müharibələrə son qoyulması və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı təşəbbüsünü alqışlayaq Anqola Respublikası Höküməti ilə əməkdaşlıqda baş tutan mühüm tədbirin uğurlu nəticələr verməsi üçün dualar edib. Şeyxülislam A. Paşazadə BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının möhtərəm Ali nümayəndəsi Migel Anhel Moratinosun dünyada sülhün qorunması, milyonlarla insan həyatının müharibə kabusundan xilası istiqamətində gərgin əməyini, sivilizasiyalar arasında etimad mühitinin dərinləşməsi işində səylərini xüsusilə təqdirəlayiq olaraq dəyərləndirib. O, qlobal sülh naminə həmrəy olanların səylərinə Uca Yaradan rəvac diləyib.
Şeyxülislam A. Paşazadə vurğulayıb ki, bəşəriyyətə nazil olmuş müqəddəs kitablarda əksini tapan ali həqiqətlərdən biri budur ki, Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək, bütün bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir. Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş qətliamlar insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardandır. Gernika, Srebrenitsa və bu kimi insanlıq faciələrinin qurbanlarının xatirəsini ehtiramla yad etmək, Yer üzündə belə faciələrin bir daha baş verməməsi üçün səylərimizi birləşdirmək bizim insani borcumuzdur.
QMİ sədri diqqəti Xocalı soyqırımına yönəldərək qeyd edib: “Kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini mütləq verməlidir. Biz hər il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə təcavüzkar qonşu dövlət tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə zəminində törədilmiş, 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirilidiyi soyqırımın ildönümünü qeyd edirik”.
Şeyxülislam A.Paşazadə Azərbaycan dövlətinin sülhün təşviqindəki rolunu vurğulayaraq bildirmişdir: “Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışını əks etdirən dəyərli tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı ən yüksək səviyyədədir. Dünyada insan qardaşlığında və bəşəri həmrəyliyə xidmət edən ideya və təşəbbüsləri ilə tanınan Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyi bizim üçün fəxarət mənbəyidir”.
QMİ sədri mötəbər tədbirdə çıxışını bu fikirlərlə tamamlayıb: “Bu gün müharibələrin davam etdiyi bir zamanda beynəlxalq hüquqa söykənərək dünyada ədalətin, kövrək atəşkəslərin deyil, davamlı sülhün təntənəsi, Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün çalışmalı, dualar etməliyik. Yeni Gernikaların, Srebrenitsaların, Xocalıların baş verməməsi üçün BMT-nin əlaqələndirici rolu və Sivilizasiyalar Alyansının təşəbbüs və layihələri sayəsində biz, dini liderlər dünyanın daha əmin-aman, dərin mənəvi sütunlar üzərində daha dayanıqlı, ədalətli bərqərarı işinə öz töhfələrimizi verə bilərik. Bugünkü mühüm tədbirin təşkilinə görə Anqola hökumətinə və möhtərəm qardaşım cənab Moratinosa dərin təşəkkürlərimizi bildirirəm. Əminəm ki, bugünkü forum dünyada sülhün və əmin-amanlığın bərqərarı işinə öz layiqli töhfəsini verəcəkdir, inşallah”.
Tematik sessiya öz işini “Dinlər və inancların liderlərinin dialoq və dinc yanaşı yaşamağın təşviqində rolu” mövzusunda davam etdirib.
Məlumat üçün bildirək ki, Afrika qitəsində ilk dəfə keçirilən bu mötəbər tədbir 2025-ci ildə İspaniyanin Gernika şəhərində bu şəhərin bombalanmasının 88-ci ildönümündə keçirilmiş təsis toplantısının ardınca müharibənin dərin tarixi izlərini daşıyan Bosniya va Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ikinci mərhələsindən sonra Anqolanın Luanda şəhərində baş tutan görüş bu ali missiyanın əhəmiyyətli davamını təşkil edib. Forum yüksək səviyyali dövlət va hökümət rəsmilərini, nüfuzlu dini liderləri, akademik dairələrin tanınmiıs nümayəndələrini, vətəndaş cəmiyyəti və media təmsilçilərini, habelə qlobal sülh naminə həmrəy olan digər tərəfdaşları bir araya gətirib.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!


