Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində keçirilən illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir. Şeyxülislam A. Paşazadə 2025-ci ildə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və Baş Katibi Dr. Frensis Kurianın dəvəti ilə builki toplantıda məhz bu statusda iştirak edir.
24 iyunda Mavriki Respublikasının prezidenti Daramber Qoxul cənabları Şeyxülislam A. Paşazadəni şəxsən qəbul edib. Prezident sarayında, ölkənin birinci xanımının iştirakı ilə səmimi şəraitdə keçən görüş zamanı ölkələrimiz arasında əlaqələrdən danışılıb. Bu yaxınlarda WUF-13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mavriki Prezidentinin Azərbaycana səfərini xatırladan Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin salamlarını Mavriki prezidenti Daramber Qoxul cənablarına çatdırıb. Mavriki prezidenti bildirib ki, Azərbaycan olduqca gözəl, cazibədar, qonaqpərvər ölkədir və olduqca səmimi, müdrik prezidenti var. Mavriki dövlət başçısı səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyev cənablarına yetirməyi Şeyxülislamdan xahiş edib.
Ölkəmizə səfərindən zəngin və xoş təəssüratlarını Şeyxülislamla bölüşən Mavriki Prezidenti Daramber Qoxul Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı uğurları, beynəlxalq müstəvidə artan nüfuzunu, qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi etməsini yüksək dəyərləndirərək, ölkəmizlə iqtisadiyyat, təhsil, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair perspektivləri dövlət başçımızla müzakirə etdiyini məmnunluqla diqqətə çatdırdı.
Mavriki prezidenti D. Qoxul Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafı, müxtəlif aspektləri ilə bağlı müzakirələr aparmaq baxımından yaxşı imkan yaratdığını vurğulayaraq, siyasi münasibətlərimizin hazırki səviyyəsindən məmnunluğunu ifadə edib. Bildirib ki, 1996-cı ildə Azərbaycan Respublikası ilə Mavriki Respublikası arasında diplomatik əlaqələr qurulduğu dövrdən etibarən iki ölkə arasında münasibətlər hazırda ən yüksək səviyyəsindədir.
Ölkələrimizdəki dinlərarası harmoniya mühiti barədə xoş fikirlər səsləndirilib. Mavriki Respublikasının Prezidenti cənab Daramber Qoxul Azərbaycanda səfərdə olarkən Bibiheybət məscid-kompleksini ziyarət etməsindən xoş təəssüratlarını xüsusi vurğulayıb. Şeyxülislam A. Paşazadə Azərbaycan və Mavriki arasında dini-mənəvi əlaqələrin inkişaf istiqamətlərinə toxunaraq, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq, həmçinin, məzhəblərarası anlaşma sahəsində örnək sayılan modellərinin dünyada təqdir olunmasını xüsusi vurğuladı. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin perspektivləri müzakirə edildi.
Mavriki Respublikasının Prezidenti cənab Daramber Qoxul Şeyxülislam A. Paşazadə şəxsiyyətini İslam dünyasında nüfuzlu ağsaqqal din xadimi olaraq yüksək dəyərləndirdiyini xüsusi vurğulayıb. Mavriki prezidenti D. Qoxul Şeyxülislam A. Paşazadənin “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti olaraq qurumun Mavrikidə keçirilən illik toplantısında iştirakını və tədbirin əhəmiyyətini yüksək dəyərləndirdiyini ifadə etdi.
QMİ-nin Mətbuat Xidməti


