İyulun 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevi qəbul edib.
Qonağı səmimi salamlayan QMİ sədri azərbaycanlı alimin belə nüfuzlu beynəlxalq quruma rəhbərlik etməsini mühüm hadisə adlandırıb.
Şeyxülislam həzrətləri diqqətə çatdırıb ki, QMİ Türk Dövlətləri Təşkilatının (TDT) Dini Liderlərinin Məşvərət Şurasının təsisçilərindən biridir və 2022-ci ilin oktyabrında Şuşada təsis edilən bu qurumun işində fəal iştirak edir.
Allahşükür Paşazadə bildirib ki, bu ilin sentyabrında təşkilatın növbəti toplantısının Bakıda keçirilməsi planlaşdırılıb və bu iclas çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq elmi konfrans da nəzərdə tutulub. Şeyxülislam həzrətləri qonağı həmin tədbirlərə dəvət edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafatev tədbirə dəvətə görə minnətdarlığını bildirib, 2010-cu ildə təsis edilən, mənzil qərargahı Qazaxıstanın Astana şəhərində yerləşən BTA, son illər təşkilatın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüş zamanı QMİ ilə BTA arasında gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xatirə fotosu çəkilib.


