Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı möhtərəm Prof. Dr. Safi ARPAGUŞ həzrətlərinə
Zati-möhtərəmlərinizi və Sizin simanızda bütün qardaş türk müsəlmanlarını Allahın böyük ismi ilə salamlayır, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan yeni təyinatınız münasibətilə Sizə təbriklərimi və xeyir dualarımı yetirir və bu vəsilə ilə dövlətlərimizin və ümmətimizin üzərində sülh və rifahın baqi olmasını Cənabi-Haqdan niyaz edirəm.
Sizinlə İstanbulda başlayan tanışlığımız və müxtəlif tədbirlərdə davam edən uzun illik xoş münasibətlərimiz bizdə əminlik yaradır ki, Diyanet Başkanlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında olan dostluq və qardaşlıq münasibətləri hər zaman olduğu kimi yüksək səviyyədə davam edəcəkdir. Sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs dinimizin ali təmsilçisi kimi İslamın məramına uyğun olaraq, gələcək fəaliyyətiniz xalqlarımız, dövlətlərimiz və bütün türk dünyası üçün xeyirlərə vəsilə olacaqdır, inşallah!
Zati-möhtərəmləri, əziz qardaşım! Mən bir daha Sizi yüksək vəzifəniz münasibətilə təbrik edir, Sizə, ailənizə və bütün din qardaşlarıma salam-dualarımı yetirir, Allah-Taalanın mərhəmət nəzərinin hər zaman üzərinizdə olmasını diləyirəm.
Uca Allah dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin, birliyimizi və qardaşlığımızı hifz etsin!
Dərin hörmətlə, Şeyxülislam Prof. Dr. Allahşükür PAŞAZADƏ