Aprelin 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Bakıdakı “Müqəddəs Məryəm Ana” kilsəsini ziyarət edərək Roma Papası Fransiskin vəfatı ilə bağlı katolik icmasının üzvlərinə başsağlığı veriblər.
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete ilə görüşən dini konfessiyaların rəhbərləri Müqəddəs Taxt-Tacın başçısı, dövrümüzün görkəmli din xadimi Zati-müqəddəsləri Roma Papası Fransiskin vəfatını bütün dünya ictimaiyyəti üçün böyük itki hesab etdiklərini bildiriblər.
Ziyarət zamanı Müqəddəs Taxt-Tacın başçısının ruhuna dualar oxunub. Kilsədə açılan başsağlığı kitabına fikirlərini yazan Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Papa Fransiskin dünyada sülhə, əmin-amanlığa və dinlər arasında anlaşmaya yönəlik fəaliyyətinə böyük qiymət veriblər. Başsağlığını Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Alban-Udi Xristian icmasının sədri Robert Mobili imzalayıblar.
Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri adından çıxış edən Şeyxülislam Allahşükür Paşazadə mərhum Roma Papasının 2016-ci ildə ölkəmizə səfərini, “Heydər” məscidində dindarlar qarşısında çıxışını xatırladıb, ona Qurani Kərim bağışladığını yada salıb. QMİ sədri bildirib ki, Müqəddəs Taxt-Taca rəhbərliyi dövründə Papa Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə dəfələrlə görüşüb, ölkəmizdəki dini harmoniyanı yüksək dəyərləndirib. Heydər Əliyev Fondunun Vatikan Dövlətində həyata keçirdiyi layihələrə xüsusi həssaslıqla yanaşıb, bu humanitar əməkdaşlığın inkişafına töhfələr verib.
2022-ci ildə Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər etdiyini deyən Şeyxülislam həzrətləri daha sonra Bəhreyində və Qazaxıstanda görüşlər keçirdiyini qeyd edib.
Şeyxülislam həzrətləri dünya katoliklərinin yeni seçiləcək liderinin mərhum Fransiskin Azərbaycanla bağlı xoş münasibətlərini davam etdirəcəyinə ümidvar olduğunu deyib.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!