G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Kol Dürhamın dəvəti ilə ABŞ-ın Yuta ştatının paytaxtı Soltleyksiti şəhərində rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 oktyabr tarixində G20 Dinlərarası Forum Assosiasiyaının işçi qrupunun iclasında iştirak edib. Tədbirdə Assosiasiyanın 2026-cı ildə fəaliyyəti, 2027-ci ildə Böyük Britaniyada keçiriləcək G 20 Dinlərarası Forumunun növbəti toplantısı və Forum çərçivəsində Dini Liderlərin Məşvərət Şurasının yaradılması ilə əlaqədar, həmtəsisçi qismində - QMİ sədri Şeyxülislam A. Paşazadə və Ekumenik Patriarxatın Baş Mitropoliti Emmanuel Adamakis ilə G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham arasında imzalanmış Anlaşma Memorandumunun müddəaları müzakirə olunmuşdur.
Həmin gün Şeyxülislam A. Paşazadə Solt Leyk Siti şəhərinin mərkəzində yerləşən "Məbəd Meydanı"nda keçirilən G20 Dinlərarası Forumun açılış mərasimində çıxış edib. Öz çıxışında Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının və Azərbaycanın xalqının salamlarını tədbir iştirakçılarına çatdırıb, ABŞ dövlətinə və xalqına, xüsusilə İsa Məsihin Son Günlərin Müqəddəsləri Kilsəsinə 2026-cı il G20 Dinlərarası Foruma ev sahibliyinə görə səmimi təşəkkürünü bildirib
QMİ sədri A. Paşazadə öz çıxışında Yer kürəsində insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı, müharibələrin davam etdiyi müasir dövrdə bu təhdidlərin qarşısında dinlərarası və sivilizasiyalararası dialoqun, dini və dünyəvi dairələrin birgə səylərinin olduqca yüksək əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bəşəriyyət bu təhlükələrdən yalnız birgə səylərlə xilas ola bilər.
Şeyxülislam A. Paşazadənin çıxışı kilsə televiziyası vasitəsilə dünyanın bir çox ölkəsinə canlı olaraq yayımlanıb.
Açılış mərasimindən öncə Şeyxülislam Paşazadə İsa Məsihin Son Günlərin Müqəddəsləri Kilsəsinin (İMSGM) prezidenti Dallin Oaks tərəfindən qəbul olunub. QMİ sədri cənab Oaksa Azərbaycan Prezindenti İlham Əliyev cənablarının səmimi salamlarını çatdırıb, QMİ ilə İMSGM kilsəsi arasında əməkdaşlığın yüksək səviyyədə davam etməsini məmnunluqla diqqətə çatdırıb. Cənab D. Oaks səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə yetirməyi Şeyxülislamdan xahiş edib.
Tədbir çərçivəsində Şeyxülislam A. Paşazadə həmçinin İslam Aləmi Liqasının Baş Katibi Əl-İsa, Dinlər Sülh Uğrunda Təşkilatının Baş Katibi Frensis Kuriya, Özbəkistan Respublikası Prezidentinin müşaviri Müzəffər Kamilov və digər dövlət, din və ictimai xadimlərlə ikitərəfli formatda görüşüb.
Builki G20 Dinlərarası Forumu müxtəlif ölkələrdən 400-dən artıq tanınmış dövlət, din, elm və ictimai xadimləri bir araya gətirmiş, bəşəriyyəti narahat edən qlobal çağırışlar, o cümlədən, təhsil, gənclər, ekologiya, insan ləyaqəti, dini dözümsüzlük, yoxsulluq və sair məsələlər müzakirə olunmuşdur.
Forumun “Sosial birlik naminə təhsildə təşəbbüslər“ panelində multikulturalizm məsələləri üzrə ekspert Rəvan Həsənov çıxış edərək Azərbaycanın multikultural təcrübəsindən, bu sahədə həyata keçirilən müxtəlif layihələrdən danışmışdır.
G20 Sammitləri ərəfəsində ənənəvi olaraq keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır.


