Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 6-da Qazaxıstanın Vitse-prezidenti Yerlan Karin cənablarının təşəbbüsü ilə onunla görüşüb.
Qazaxıstan Respublikasının Vitse-prezidenti Y. Karin Şeyxülislam A. Paşazadə həzrətlərini səmimi salamlayaraq onu ölkəsində görməkdən məmnun olduğunu ifadə edib. Qazaxıstan Prezidenti Zati-aliləri Kasım Jomart Tokayev cənablarının salamlarını Şeyxülislama yetirən cənab Y. Karin Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin Astana Qurultaylarında və Qurultay Katibliyinin iclaslarında mütəmadi və fəal iştirakını, Astana Qurultayları ideyasının bünövrəsində duran şəxsiyyət, dini lider olaraq yüksək dəyərləndirdiklərini xüsusi vurğulayıb.
Şeyxülislam A. Paşazadə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salamlarını və xoş arzularını Qazaxıstan Prezidenti Zati-aliləri Kasım Jomart Tokayev cənablarına çatdırmağı cənab Y. Karindən rica edib. Bildirib ki, qardaş ölkələrimizin müdrik liderlərinin qarşılıqlı ehtirama əsaslanan münasibətləri, dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq zirvəsinə yüksəlməsi xalqlarımız və dövlətlərimizin mənafeyinə ali xidmətdir və həyatın bütün sahələrində əlaqələrimizin, o cümlədən, dini-mənəvi sahədə əlarələrin inkişafına böyük təkan verir. Azərbaycan-Qazaxıstan dostluq və qardaşlığının xoş günlərdə və çətin məqamlarda sınaqdan keçmiş münasibətlər olduğu xüsusi qeyd olunub.
Yeni yaradılmış Vitse-prezident vəzifəsinə ilk olaraq təyinat almış Yerlan Karin cənablarına ali dövlət məqamında fəaliyyətində uğurlar diləyən Şeyxülislam A. Paşazadə Qazaxıstan dövlətinin yeni Konstitusiyasının qəbuluna, yeni seçilmiş Parlamentinə - Qurultaya xeyir-dualar diləyib. Şeyxülislam Qazaxıstan dövlətində həyata keçirilmiş yeni islahatların qardaş qazax xalqı üçün xeyirlərə vəsilə olacağına, daha yüksək zirvələrə qaldıracağına əminliyini ifadə edib.
İki onillikdən artıq tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Astana Qurultaylarının daimi iştirakçısı olmaqdan şərəf duyduğunu bildirən Şeyxülislam A. Paşazadə bu ali forumun uğurunda Qazaxıstanın müdrik lideri K.J.Tokayevin böyük rolu olduğunu xüsusi vurğulayıb. Astana Qurultayları Katibliyinə rəhbərlik məqamında cənab Y. Karinə uğurlar diləyən QMİ sədri A. Paşazadə əlavə edib ki, iştirak etdiyi bütün beynəlxalq forumlarda Astana Qurultaylarının əhəmiyyətini və rolunu hər zaman diqqətə çatdırır, bu forumun qabaqcıl ideyalarını təşviq edir.
Cənab Y. Karin Qazaxıstanın yeni Parlamenti, onun tərkibi barədə məlumat verib. Həmçinin, bildirib ki, Astana Qurultaylarının Katibliyinin statusu daha da gücləndirilib – bu isə tədbirə verilən önəmin göstəricisidir.
Görüşün gedişində Astana Qurultayları Katibliyinin 24-cü sessiyasının gündəliyinə çıxarılmış İqlim dəyişiklikləri ilə mübarizədə dinlərin rolunun artırılması mövzusunda sənədin və Süni intellektdən istifadənin Etik kodeksinin təqdimatının olduqca aktual və zəruri olduğu fikri vurğulanıb. Şeyxülislam A. Paşazadə qeyd edib ki, COP 29 Bakı İqlim Sammiti çərçivəsində keçirdiyimiz Dini liderlərin zirvə görüşünün qəbul eydiyi Yekun sənəddə - Dini Liderlərin Bakı Bəyannaməsində də biz bu mühüm məsələyə dair mövqeyimizi ifadə etmişik. A.Paşazadə rəqəmsal texnologiyaların sürətli inkişafı dövründə süni intellektin həyatımıza hədsiz nüfuz etməsi ilə bağlı məsələnin dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsinin diqqətində olduğunu vurğulayıb.
Şeyxülislam A. Paşazadə bu yaxınlarda Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin növbəti VII iclasında və bu çərçivədə “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfrans barədə Qazaxıstanın Vitse-Prezidentinə məlumat verib. Bildirib ki, Qazaxıstanın Baş Müftisi Naurızbay Taqanulı həzrətlərinin və onun rəhbərliyi ilə qazax nümayəndə heyətinin iştirak etdiyi tədbir beynəlxalq müstəvidə böyük əks-səda doğurmuşdur. Konfrans iştirakçılarının işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfəri zamanı qonaqlar ümumislam əhəmiyyətli tarixi dini irsin əsarətdən xilas edilərək dirçəldilməsi, azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, möhtəşəm Qayıdış layihələri ilə tanış olmuşlar. Xüsusilə, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları tərəfindən Beynəlxalq Konfrans iştirakçılarının qəbul edilməsi və dövlət başçımızın dərin məzmunlu, əhatəli çıxışı din xadimlərinin böyük rəğbətinə səbəb olmuşdur.
Şeyxülislam A. Paşazadə bildirmişdir ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi dünyada tanınan Azərbaycanda gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində dini liderlərin zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. İƏT toplantısı ərəfəsində Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı ilə baş tutacaq tədbirdə Əl-Əzhəri Şərifin Böyük İmamı Şeyx Əhməd ət-Tayyib həzrətlərinin fəxri qonaq olaraq iştirak edəcəyi diqqətə çatdırılıb. Şeyxülislam A. Paşazadə bir sıra dövlət liderləri, rəsmilərinin iştirakı gözlənilən bu ali foruma Qazaxıstanın Vitse-prezidenti Yerlan Karin cənablarını dəvət etməkdən şərəf duyduğunu ifadə edib. Dəvət məmnuniyyətlə qəbul edilib.
Şeyxülislam A. Paşazadə bu yaxınlarda Xəzər dənizində hərbi təlim zamanı həlak olan qazax hərbçilərlə bağlı Qazaxıstanın Baş Müftisinə başsağlıqlarını bildirdiyini qeyd edib, bu gün isə Vitse-Prezidentin simasında hadisə ilə bağlı Qazaxıstan dövlətinə və xalqına, həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, Uca Allahdan mərhumlara rəhmət diləyib. AZAL təyyarəsinin qəzası zamanı Qazaxıstanın göstərdiyi yardım, diqqət və qayğı, əsl qardaşlıq nümunəsi xüsusi qeyd olunub.
Görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Paşazadə, öz növbəsində, çıxış edərək Azərbaycan və Qazaxıstan dövlət rəhbərlərinin müdrik siyasi səyləri sayəsində ikitərəfli münasibətlərdə müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin zirvəyə yüksəlməsindən, Parlamentlərimiz arasında əməkdaşlıq səviyyəsindən, parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnunluğunu ifadə edib. Parlamentlərlərarası əməkdaşlıq müstəvisində iştirak etdiyi tədbirlərdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən, iqtisadi, ticari, logistik əlaqələrin inkişafında yüksək səviyyəli əlaqələrin əhəmiyyətindən danışan Milli Məclisin deputatı C. Paşazadə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələr daha da yüksək zirvəyə ucalacaq.
Səmimi şəraitdə keçən qəbulda Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Əlimirzamin Əskərov iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin
Mətbuat Xidməti


