Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də Oman Sultanlığına səfərə yola düşür.
Şeyxülislam A. Paşazadə 15-16 noyabr tarixlərində Omanın paytaxtı Maskat şəhərində baş tutacaq Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcəkdir.
Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş «Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı»na həsr olunmuş beynəlxalq platformadır.
Forum BMT-nin Beynəlxalq Tolerantlıq Gününə təsadüf edir. Bu, Maskat Fəaliyyət Planının əsasında dayanan dialoq, qarşılıqlı hörmət, inklüzivlik və dinc birgəyaşayış dəyərlərini bir daha təsdiqləmək üçün münasib fürsətdir. Forum ənənəvi və yerli liderləri, habelə xalqları, dini liderləri, hökumət nümayəndələrini, BMT qurumlarını və sülh quruculuğu sahəsində çalışan mütəxəssisləri bir araya gətirəcək. Burada mədəniyyətlərarası və dinlərarası dialoqun ənənəvi və yerli liderlərin, habelə xalqların öncül rolu və birgə səylərilə parçalanmaların aradan qaldırılmasına, sosial həmrəyliyin möhkəmləndirilməsinə, daha dinc və dayanıqlı cəmiyyətlərin qurulmasına töhfələri müzakirə ediləcək.
Şeyxülislam A. Paşazadə Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edəcəkdir. QMİ sədrinin Omanda bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
QMİ-nin Mətbuat Xidməti


