Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə 15-16 noyabr tarixlərində Omanın paytaxtı Maskat şəhərində keçirilən Maskat Fəaliyyət Planı Forumunda iştirak edib.
Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsusi Müşavirinin Ofisi (UNOSAPG) və Dini və Ənənəvi Sülh Qurucuları Şəbəkəsinin birgə hazırladığı, BMT-nin Baş Katibi Antonio Qutteriş tərəfindən təqdim olunmuş «Sülh vasitəçiliyi yolu ilə nifrət çağırışlarına qarşı mübarizə, soyqırımı və kütləvi vəhşilik cinayətlərinin, eləcə də onlara təhrikin qarşısının alınması üzrə ənənəvi və yerli liderlər, habelə xalqlar üçün Maskat Fəaliyyət Planı»na həsr olunmuş beynəlxalq platformadır.
Forum 40 ölkədən 70-dən artıq ənənəvi və yerli liderləri, habelə dini liderləri, hökumət nümayəndələrini, BMT qurumlarını və sülh quruculuğu sahəsində çalışan mütəxəssisləri bir araya gətirib. Şeyxülislam A. Paşazadə 16 noyabr - BMT-nin Beynəlxalq Tolerantlıq Günü Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edib. Dövlətimizin rəhbəri - Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının salam və xeyir-dualarını Maskat Forumunda iştirak edən nüfuzlu din, dövlət və ictimai xadimlərinə yetirərək salamlayan Şeyxülislam A. Paşazadə Uca Yaradandan mühüm tədbirin işinə, sülh yönündə səy və fəaliyyətlərinə rəvac diləyib.
Şeyxülislam A. Paşazadə bildirib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası naminə dünya beynəlxalq hüquq normaları, ümumbəşəri mənəvi dəyərlər, ənənəvi dini-əxlaqi prinsiplər üzərində bərqərar olmalıdır. “Bir ali həqiqət heç zaman unudulmamalıdır ki, Uca Rəbbin yaratdığı bəşər ailəsinin üzvləri olaraq bizləri birləşdirən, bir-birimizə bağlayan dəyərlər, bizi fərqləndirən, ayıran amillərdən daha möhkəm və mühümdür. Müasir dünyada bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı bu baxımdan zəruridir. Birləşmiş Millətlər Təşkilatının əlaqələndirici roluna, sivilizasiyalar arasında etimad mühitinin dərinləşməsi, dünyada dinlərarası dialoq və əməkdaşlıq istiqamətində dəyərli səylərinə, milyonlarla insan həyatının qorunması naminə sülhpərvər fəaliyyətlərinə görə dərin təşəkkürlərimizi ifadə edirəm”.
Maskat forumunu qlobal problemlərin həllində dövlət, beynəlxalq ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına xidmət edən daha bir mühüm beynəlxalq platforma olaraq yüksək dəyərləndirən Şeyxülislam A. Paşazadə qarşılıqlı anlaşmaya doğru açıq və ehtirama əsaslanan mübadilə üçün gözəl imkanlar yaradan Maskat Forumunun ərsəyə gəlməsində dəyərli səylərinə, yüksək səviyyədə evsahibliyinə görə Oman Sultanı Əlahəzrət Heytəm bin Tariq Al-Səid cənablarına özəlliklə dərin minnətdarlığımı ifadə edib.
Şeyxülislam A. Paşazadə öz çıxışında Azərbaycanın dəyərli təcrübəsindən bəhs edib: “Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlıq və məzhəblərarası anlaşma dövlət səviyyəsində dəstəklənir. Ölkəmiz beynəlxalq aləmdə dinlərarası və məzhəblərarası əməkdaşlığın mənəvi mərkəzi olaraq tanınır və təqdir olunur. Müstəqil dövlət olaraq Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi sayəsində qoyulmuşdur. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev cənabları Multikulturalizmi «Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti» kimi dəyərləndirərək onu dövlət siyasəti səviyyəsində bərqərar etmişdir. Dünyada insan həmrəyliyinə xidmət edən bütün ideya və təşəbbüslər, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, təşəbbüskarı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dünyada sülh və birgə yaşam amallarına xidmət edir”.
Dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsinə, milli, irqi, dini zəmində ekstremizm təzahürlərini önləyə biləcək tolerant,multikultural həyat tərzinin dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə bu baxımdan, Azərbaycanın uğurlu birgəyaşayış modelinin bütün dünya üçün örnək ola biləsəyini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışa dair dəyərli tarixi təcrübəsi, örnək tolerantlıq və məzhəblərarası anlaşma modeli Maskat prosesi üçün dəyərli nümunə kimi nəzərdən keçirilə bilər.
Şeyxülislam A. Paşazadə, həmçinin, qeyd edib ki, beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirən, işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti bu gün işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri, qaçqın və məcburi köçkünlərin qayıdış layihələrini həyata keçirir. Əlavə edib ki, etnik təmizləmə və Xocalı soyqırımını yaşamış xalq olaraq biz insanlıq əleyhinə cinayətlərin bir daha təkrarlanmaması istiqamətində və sülhün bərqərarı naminə beynəlxalq səyləri ehtiva edən Maskat Fəaliyyət Planını ürəkdən dəstəkləyirik.
QMİ sədri Şeyxülislam A. Paşazadə Omanda Maskat Fəaliyyət Planı Forumu çərçivəsində və tədbirin kuluarlarında bir sıra ikitərəfli görüşlər keçirib. Oman Sultanlığının Xarici İşlər naziri cənab Seyid Bədr Əl-Busəidi Şeyxülislamı səmimi salamlayaraq mötəbər forumda iştirakına görə təşəkkürlərini bildirib. Oman Sultanlığının Vəqflər və Dini Məsələlər naziri Məhəmməd bin Səid Əl-Maamari cənabları Omanda səfərdə olan Şeyxülislam A. Paşazadəni səmimi qəbul edərək, ən xoş arzularını ifadə edib və ölkələrimiz arasında dini-mənəvi əlaqələrin inkişaf etdirilməsi zərurətindən danışıb.
Maskat Forumunun həmtəşkilatçıları - BMT Baş katibinin Soyqırımların Qarşısı Alınması üzrə xüsusi müşaviri Çaloka Beyani və Dini və Ənənəvi Sülhməramlılar üçün Şəbəkə təşkilatının icraçı direktoru dr. Mohamed Elsanusi Şeyxülislam A. Paşazadə ilə görüşərək gələcək əməkdaşlıq perspektivlərindən danışıblar.
G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Kol Dürham ilə görüşdə Şeyxülislam A. Paşazadənin bu platformada fəal iştirakını və bu il qurum nəzdində Şeyxülislamın həmtəsisçiliyi ilə yaradılmış Müxtəlif dinlərin Məşvərət Şurası xətti ilə qarşıdakı tədbir və fəaliyyətlər müzakirə olunub. Məşvərət Şurasının üzvü - Xalkidonun Baş Mitropoliti Emmanuil Adamakis həzrətləri Şeyxülislam A.Paşazadə ilə səmimi görüşdə dini liderlərin beynəlxalq platformalarda aktiv əməkdaşlığının real müsbət nəticələri yüksək dəyərləndirilib və bu istiqamətdə səylərin davam etdirilməsi müzakirə edilib.
Maskat Forumu öz işini Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatı ilə davam etdirib.
QMİ-nin Mətbuat Xidməti


